Wednesday, July 18, 2012

Vatslav Havel - Gücsüzlərin gücü esse-sindən


Meyvə-tərəvəz dükançısı soğan və yerkökü yeşiklərinin arasına belə bir şüar yerləşdirir: "Dünyanın bütün zəhmətkeşləri birləşsin!" O, niyə belə edir? Dünyaya nə çatdırmağa çalışır? Doğurdanmı, dünyanın bütün zəhmətkeşlərinin birləşməsi ideyası onu riqqətə gətirir? Doğurdanmı, bu adamın o qədər böyük entuziazmı var ki, özündə ictimaiyyəti bu ideallarla tanış etməkdən ötrü qarşısıalınmaz daxili təkan hiss edir? O,bir anlıq da olsa düşünürmü ki, belə bir birlik necə əmələ gələ bilər, bu birləşmə nə deməkdir?
   Mənim fikrimcə, dükan sahiblərinin əksəriyyəti pəncərələrinə qoyduqları şüarlar haqda heç vaxt nə düşünür, nə də onlardan əsl mövqelərini ifadə etmək üçün istifadə edirlər. Bu poster bizim dükana soğan və yerkökü ilə birlikdə anbardan göndərilib. O, belə şüarları, sadəcə, ona görə pəncərəsinə qoyur ki, illərlə belə edilib, hamı belə edir, bunun yolu budur. Əgər imtina etsə, başına iş açar, problem yarana bilər. Pəncərəsində lazımi dekorasiyanın olmamasına görə danlana bilər, kimsə hətta onu qeyri sadiklikdə günahlandıra bilər. O, belə edir, ona görə ki, bu həyatda baş çıxarmaq üçün  belə edilməlidir. Bu, onların özlərinin dediyi kimi, "cəmiyyətlə harmoniyada" sakit həyat təmin edən minlərcə xırdalıqdan biridir.
   Aydındır ki, dükançı üçün nümayiş etdirilən şüarın semantik mənasının heç bir əhəmiyyəti yoxdur, o, bu şüarı öz pəncərəsinə insanların şüarı ifadə etdiyi idealla tanış etməkdən ötrü şəxsi istəyi ilə qoymur. Əlbəttə, bu o demək deyil ki, onun hərəkətinin, ümumiyyətlə, heç bir motivi və əhəmiyyəti yoxdur, yaxud şüar heç kəsə heç bir məlumat ötürmür. Şüar - işarədir və belə baxanda, bu işarədə şüuraltı, lakin çox dəqiq ismarıc olur.
   Bu ismarıc belə ifadə oluna bilər: "Mən dükançı XY burada yaşayıram və nə etməli olduğumu bilirəm. Cəmiyyətin məndən gözlədiyi kimi hərəkət edirəm. Mən qınaqlardan asılıyam. İtaətkaram. Dinc yaşamağa haqqım var" Bu ismarıcın, əlbəttə ki, yönəldiyi bir ünvan var və bu ünvan yuxarılar, - dükançının rəisləridir. İsmarıc eyni zamanda dükançını potensial xəbərçilərdən qoruyan bir qalxandır. Beləliklə, şüarın kökündə dükançının ölüm-qalım məsələsi durur. Bu şüar onun həyati maraqlarını əks etdirir. Bəs bu həyati maraqların özləri nədir?
   Gəlin baxaq. Əgər dükançıya "Mən qorxuram və buna görə də sorğu-sualsız itaət edirəm!" şüarını nümayiş etdirməsi tapşırılsaydı, o, bu cümlənin mənasına o qədər də biganə qalmazdı; hərçənd bu bəyanat həqiqəti daha çox əks etdirmiş olardı. Dükançı öz dükanının pəncərəsinə şəxsiyyətinin tənəzzülünə dair o cür şüar qoymağa utanardı, axı o da insandır, onun da ləyaqət hissi var. Bu çətinliyi aşmaq üçün onun sədaqətinin ifadəsi elə bir işarə cildində olmalıdır ki, ən azı mətnin üzündə təmənnasız, səmimi inanc nümayiş etdirsin. O, dükançıya "Dünya zəhmətkeşlərinin birləşməsi niyə alınmır?" deməyə imkan verməlidir. Beləliklə, bu işarə dükançıya öz itaətkarlığının dərin əsaslarını özündən gizlətməyə, eyni zamanda hakimiyyətin alt bünövrəsini də gizlətmiş olmağa kömək edir. O, öz itaətkarlığını ali bir şeyin xarici görünüşü arxasında gizlədir; bu, - idealogiyadır.

 İdealogiya dünyayla ünsiyyətin qəlp üsuludur. O, insana şəxsiyyət, ləyaqət və mənəviyyat illüziyası yaradır, eyni zamanda şəxsiyyətdən, ləyaqətdən, mənəviyyatdan üzülüşməyi insanlar üçün asanlaşdırır. Fövqəlşəxsi və obyektiv bir şey kimi, idealogiya insanlara öz vicdanlarını aldatmağa, əsl vəziyyətlərini, şərəfsiz həyat tərzlərini özlərindən və dünyadan gizlətməyə imkan verir.
   O, çox praqmatik, eyni zamanda yuxarıda, aşağıda və hər hansı tərəfdə olanların legitimləşdirilməsinin məlum ağırbatman üsuludur. O, insanlara və Tanrıya yönəldilir. O elə bir örtükdür ki, insanlar öz düşkünləşən varlıqlarını, bayağılaşmalarını, status-kvoya uyğunlaşmalarını onun arxasında gizlədə bilirlər. O elə bir bəhanədir ki, ondan dünyanın bütün zəhmətkeşlərinin birləşməsi marağı arxasında öz işini itirmək qorxusunu gizlədən dükançıdan tutmuş fəhlə sinfinə xidmət ifadələri arxasında gizlənən, əslində isə hakimiyyətdə qalmaq istəyən ən yüksək vəzifəli şəxsə qədər, - hər kəs istifadə edə bilər.
   Buna görə də idealogiyanın əsas bəhanə funksiyası post-totalitar sistemin qurbanı və dayağı olan insanlar üçün elə bir illuziya yaratmaqdadır ki, guya idealogiya insanın və kainatın istəklərilə, qaydalarıyla harmoniyadadır,
   Diktatura nə qədər balacadırsa və cəmiyyətin müasirliyi baxımından az təbəqələşibsə, diktatorun iradəsi o qədər birbaşa həyata keçirilə bilər, başqa sözlə desək, diktator dünyayla bağlı mürəkkəb proseslərdən və idealogiyanın ehtiva etdiyi özünü-bəraətdən yayınaraq, çılpaq dissiplindən istifadə edə bilər. Ancaq hakimiyyət mexanizmləri mürəkkəbləşdikcə, diktaturaların əhatə etdiyi cəmiyyət böyüdükcə və təbəqələşdikcə, diktatorlar  daha uzun müddət hakim olduqca, kənardan daha çox adam onlarla əlbir olmalı və idealogiyaya, idealoji bəraətə daha böyük əhəmiyyət yüklənməlidir.
   İdealogiya rejim və insanlar arasında körpü rolunu oynayır, onun vasitəsilə rejim insanlara, insanlar rejimə yaxınlaşır. Bu, idealogiyanın post-totalitar sistemdə niyə belə mühüm rol oynadığını göstərir: fərdlərin, ierarxiyaların, ötürücü vasitələrin, rejimin bütövlüyünü heç nəyi şansa buraxmayaraq, çoxsaylı üsullarla təmin edən dolayı manipulyasiya vasitələrinin mürəkkəb maşını, - bəraətsiz və maşının hər bir hissəsi üçün bəhanə kimi fəaliyyət göstərən idealogiyasız, sadəcə olaraq, ağlasılmaz olardı.

                                          
                                                     

  

No comments:

Post a Comment