Wednesday, July 18, 2012

Yanuş Korçak - ( 22 iyul 1878 - 6 avqust 1942)


Yanuş Korçak , əslində ''Henrik Qoldşmit, həmçinin Qoca Həkim və ya Cənab Həkim kimi tanınan (22 iyul 1878 və ya 1879-cu ildə Varşavada, 5 avqust və ya 6 avqust 1942-ci ildə Treblinkada alman ölüm düşərgəsində vəfat etmişdir) – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim, Polşa Ordusunun zabiti.
Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. “Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi” – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi.Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk “Qısa xülasə” adlı jurnalını yaratmışdır. 




Alman işğalı zamanında Polşanın hərbi mundirini taxırdı. O, həmçinin nasistlər tərəfindən yəhudiləri ayırmaq üçün tətbiq olunmuş David Ulduzunu da taxmaqdan imtina etmişdir. O hesab edirdi ki, bu rəmzin bədnam olması deməkdir. Həyatının son aylarını Varşavanın gettosunda keçirtdi. Korçakın sonrakı bioqrafı, Neverli, o zamanlarda Korçak üçün şəhərin ari hissəsindən saxta sənədləri əldə etmək cəhd edirdi, lakin həkim gettodan çıxmaqdan imtina etmişdi. Gettoda, hələ 1939-cu ildə yazmağa başladığı xatirə gündəliyini yazmağa yenidən başladı. Bundan əvvəl, artıq iki il xatirat dəftərinə heç nə yazmırdı, çünki bütün enerjisini onun himayəsi altında olan uşaqlar Evinə və gettoda olan uşaqlara sərf edirdi. İlk dəfə gündəlik 1958-ci ildə Varşavada dərc olunmuşdur. Sonuncu qeydlər 4 avqust 1942-ci il tarixinə düşür. 1942-ci ilin 5 və ya 6 avqust tarixində, səhər Balaca Gettonun ərazisi SS, Ukrayna və Latviyanın (askaris adlanan) qoşunları ilə əhatə edilmişdi. Bu qoşunlar öz qəddarlıq və elementar insan hisslərinin olmaması ilə məşhur idilər. “Böyük aksiya” adlanan, yəni Varşava gettosunun almanlar tərəfindən məhv olunması zamanın, Korçak Uşaqlar evinin uşaqlarını və müəllimlərini tərk etmək istəmədiyinə görə, özünü xilas etmək üçün növbəti bir fürsətdən imtina etmişdir. Gettodan deportasiya olunan gün, Korçak öz tərbiyəçilərini ölüm düşərgələrinə gedən nəqliyatın yerləşən Umschlagplatz meydanına aparmışdı. Bu yürüşdə, təxminən 200 yaxın şagird və onlarca müəllim iştirak etmişdir, onların arasında Stefanya Vilçinska da var idi. Onların sonuncu marşı əfsanəyə döndü.. Bu yürüş hərbi miflərdən biri oldu və hər zaman bütöv və təfərrüatları düzgün olmayan xatirələrə səbəb oldu. “Nə ikonaborçu, nə də ki ifşaçı olmaq istəmirəm, lakin o zaman buları necə gördüyüm haqqında danışmalıyam. Atmosferaya hərəkətsizlik, avtomatizm, apatiya girirdi. Heç bir görünən hərəkət yox idi, ki bu Korçakdı gələn, fişənglər də yox idi (bəzilərin təsvir etdiyinə görə), və yəqin Yudenratın nümayəndələrinin müdaxiləsi də yox idi –Korçaka heç kəs yaxınlaşmadı. Heç bir işarə yox idi, heç kəs oxumurdu, qürurla yuxarıya qaldırılan başlar da yox idi, Uşaqlar Evinin bayrağını kiminsə apardığı da yadımda deyil, lakin bəziləri deyirlər ki, aparırdılar. Havada qorxulu və yorğun sükut var idi. (...) Uşaqlardan biri Korçakın ətəyindən, bəlkə də əlindən tutmuşdur. Onlar transda gedirdilər. Onları Umschiag darvazasına kimi gətirdim... Digər versiyalara görə, uşaqlar dörd nəfərə ayrılaraq addımlayırdılar və onların tərbiyəçisi müəllif olduğu hekayənin əsas qəhrəmani olan, Maçius I Kralın bayrağını aparırdılar. Hər uşağın əlində ən sevdiyi oyuncaq və ya kitab var idi. yürüyüşün başında olan uşaq – skripkada ifa edirdi. Ukraynalılar və SS-çılar qırmanclarla vururdular və yürüyüşün rəhbərliyini onlardan birinin etdiyinə baxmayaraq – onun yəqin ki uşaqlara qarşı simpatiyası var idi - uşaqların üstündən güllə atırdılar. Yanuş Korçak öz şagirdləri ilə birgə Treblinkada ölüm düşərgəsində uşaqlarla birgə vəfat etmişdir. 1948-ci ildə ölməz Polşanın Dirçəlişinin Rıtsar Xaç Ordenini almışdır

Vatslav Havel - Gücsüzlərin gücü esse-sindən


Meyvə-tərəvəz dükançısı soğan və yerkökü yeşiklərinin arasına belə bir şüar yerləşdirir: "Dünyanın bütün zəhmətkeşləri birləşsin!" O, niyə belə edir? Dünyaya nə çatdırmağa çalışır? Doğurdanmı, dünyanın bütün zəhmətkeşlərinin birləşməsi ideyası onu riqqətə gətirir? Doğurdanmı, bu adamın o qədər böyük entuziazmı var ki, özündə ictimaiyyəti bu ideallarla tanış etməkdən ötrü qarşısıalınmaz daxili təkan hiss edir? O,bir anlıq da olsa düşünürmü ki, belə bir birlik necə əmələ gələ bilər, bu birləşmə nə deməkdir?
   Mənim fikrimcə, dükan sahiblərinin əksəriyyəti pəncərələrinə qoyduqları şüarlar haqda heç vaxt nə düşünür, nə də onlardan əsl mövqelərini ifadə etmək üçün istifadə edirlər. Bu poster bizim dükana soğan və yerkökü ilə birlikdə anbardan göndərilib. O, belə şüarları, sadəcə, ona görə pəncərəsinə qoyur ki, illərlə belə edilib, hamı belə edir, bunun yolu budur. Əgər imtina etsə, başına iş açar, problem yarana bilər. Pəncərəsində lazımi dekorasiyanın olmamasına görə danlana bilər, kimsə hətta onu qeyri sadiklikdə günahlandıra bilər. O, belə edir, ona görə ki, bu həyatda baş çıxarmaq üçün  belə edilməlidir. Bu, onların özlərinin dediyi kimi, "cəmiyyətlə harmoniyada" sakit həyat təmin edən minlərcə xırdalıqdan biridir.
   Aydındır ki, dükançı üçün nümayiş etdirilən şüarın semantik mənasının heç bir əhəmiyyəti yoxdur, o, bu şüarı öz pəncərəsinə insanların şüarı ifadə etdiyi idealla tanış etməkdən ötrü şəxsi istəyi ilə qoymur. Əlbəttə, bu o demək deyil ki, onun hərəkətinin, ümumiyyətlə, heç bir motivi və əhəmiyyəti yoxdur, yaxud şüar heç kəsə heç bir məlumat ötürmür. Şüar - işarədir və belə baxanda, bu işarədə şüuraltı, lakin çox dəqiq ismarıc olur.
   Bu ismarıc belə ifadə oluna bilər: "Mən dükançı XY burada yaşayıram və nə etməli olduğumu bilirəm. Cəmiyyətin məndən gözlədiyi kimi hərəkət edirəm. Mən qınaqlardan asılıyam. İtaətkaram. Dinc yaşamağa haqqım var" Bu ismarıcın, əlbəttə ki, yönəldiyi bir ünvan var və bu ünvan yuxarılar, - dükançının rəisləridir. İsmarıc eyni zamanda dükançını potensial xəbərçilərdən qoruyan bir qalxandır. Beləliklə, şüarın kökündə dükançının ölüm-qalım məsələsi durur. Bu şüar onun həyati maraqlarını əks etdirir. Bəs bu həyati maraqların özləri nədir?
   Gəlin baxaq. Əgər dükançıya "Mən qorxuram və buna görə də sorğu-sualsız itaət edirəm!" şüarını nümayiş etdirməsi tapşırılsaydı, o, bu cümlənin mənasına o qədər də biganə qalmazdı; hərçənd bu bəyanat həqiqəti daha çox əks etdirmiş olardı. Dükançı öz dükanının pəncərəsinə şəxsiyyətinin tənəzzülünə dair o cür şüar qoymağa utanardı, axı o da insandır, onun da ləyaqət hissi var. Bu çətinliyi aşmaq üçün onun sədaqətinin ifadəsi elə bir işarə cildində olmalıdır ki, ən azı mətnin üzündə təmənnasız, səmimi inanc nümayiş etdirsin. O, dükançıya "Dünya zəhmətkeşlərinin birləşməsi niyə alınmır?" deməyə imkan verməlidir. Beləliklə, bu işarə dükançıya öz itaətkarlığının dərin əsaslarını özündən gizlətməyə, eyni zamanda hakimiyyətin alt bünövrəsini də gizlətmiş olmağa kömək edir. O, öz itaətkarlığını ali bir şeyin xarici görünüşü arxasında gizlədir; bu, - idealogiyadır.

 İdealogiya dünyayla ünsiyyətin qəlp üsuludur. O, insana şəxsiyyət, ləyaqət və mənəviyyat illüziyası yaradır, eyni zamanda şəxsiyyətdən, ləyaqətdən, mənəviyyatdan üzülüşməyi insanlar üçün asanlaşdırır. Fövqəlşəxsi və obyektiv bir şey kimi, idealogiya insanlara öz vicdanlarını aldatmağa, əsl vəziyyətlərini, şərəfsiz həyat tərzlərini özlərindən və dünyadan gizlətməyə imkan verir.
   O, çox praqmatik, eyni zamanda yuxarıda, aşağıda və hər hansı tərəfdə olanların legitimləşdirilməsinin məlum ağırbatman üsuludur. O, insanlara və Tanrıya yönəldilir. O elə bir örtükdür ki, insanlar öz düşkünləşən varlıqlarını, bayağılaşmalarını, status-kvoya uyğunlaşmalarını onun arxasında gizlədə bilirlər. O elə bir bəhanədir ki, ondan dünyanın bütün zəhmətkeşlərinin birləşməsi marağı arxasında öz işini itirmək qorxusunu gizlədən dükançıdan tutmuş fəhlə sinfinə xidmət ifadələri arxasında gizlənən, əslində isə hakimiyyətdə qalmaq istəyən ən yüksək vəzifəli şəxsə qədər, - hər kəs istifadə edə bilər.
   Buna görə də idealogiyanın əsas bəhanə funksiyası post-totalitar sistemin qurbanı və dayağı olan insanlar üçün elə bir illuziya yaratmaqdadır ki, guya idealogiya insanın və kainatın istəklərilə, qaydalarıyla harmoniyadadır,
   Diktatura nə qədər balacadırsa və cəmiyyətin müasirliyi baxımından az təbəqələşibsə, diktatorun iradəsi o qədər birbaşa həyata keçirilə bilər, başqa sözlə desək, diktator dünyayla bağlı mürəkkəb proseslərdən və idealogiyanın ehtiva etdiyi özünü-bəraətdən yayınaraq, çılpaq dissiplindən istifadə edə bilər. Ancaq hakimiyyət mexanizmləri mürəkkəbləşdikcə, diktaturaların əhatə etdiyi cəmiyyət böyüdükcə və təbəqələşdikcə, diktatorlar  daha uzun müddət hakim olduqca, kənardan daha çox adam onlarla əlbir olmalı və idealogiyaya, idealoji bəraətə daha böyük əhəmiyyət yüklənməlidir.
   İdealogiya rejim və insanlar arasında körpü rolunu oynayır, onun vasitəsilə rejim insanlara, insanlar rejimə yaxınlaşır. Bu, idealogiyanın post-totalitar sistemdə niyə belə mühüm rol oynadığını göstərir: fərdlərin, ierarxiyaların, ötürücü vasitələrin, rejimin bütövlüyünü heç nəyi şansa buraxmayaraq, çoxsaylı üsullarla təmin edən dolayı manipulyasiya vasitələrinin mürəkkəb maşını, - bəraətsiz və maşının hər bir hissəsi üçün bəhanə kimi fəaliyyət göstərən idealogiyasız, sadəcə olaraq, ağlasılmaz olardı.