Thursday, October 11, 2012

Corc Oruell - 1984

Bütün yazılı tarix boyu,çox ehtimal ki, Neolit dövrünün sonundan etibarən dünyada üç - Ali, Orta və Aşağı növ insanlar olmuşdur. Onlar öz aralarında dəfələrlə yenidən bölünmüşdülər, saysız-hesabsız fərqli adlarla dünyaya gəlmişdilər, əsrdən əsrə sayları arasındakı nisbət, habelə qarşılıqlı münasibətləri dəyişmişdi. Lakin mahiyyət etibarı ilə cəmiyyətin qeyd etdiyimiz düzəni heç vaxt təbəddülata uğramamışdı. Hətta ən cahanşümul sarsıntılardan, ən qarşısıalınmaz dəyişikliklərdən sonra da bu quruluş hara atılmasından asılı olmayaraq, ilkin vəziyyətini alan hacıyatmaz oyuncağı kimi əvvəlki düzənini bərpa etmişdi.
Adı çəkilən qrupların məqsədləri tamamilə fərqlidir. Ali təbəqənin niyyəti ucaldığı mərtəbədə qalmaqdır. Orta təbəqə yerini Ali təbəqə ilə dəyişmək istəyir. Aşağı təbəqəyə gəldikdə isə o, daim ağır zəhmət altında əzildiyindən təsadüfdən təsadüfə gündəlik həyatın hüdudlarından kənara baxmaq imkanı əldə edir və müəyyən məqsəd ətrafında birləşməyi bacaranda bütün ayrı-seçkiliklərin aradan qaldırıldığı, hamının bərabər olduğu cəmiyyət haqqında düşünür. Beləliklə, tarix boyu əsas cizgiləri həmişə eyniyyət təşkil edən mübarizə dönə-dönə təkrarlanır. Uzun əsrlər boyu Ali təbəqənin hakimiyyətinə heç bir təhdid hiss olunmur. Lakin tez, ya gec elə məqam gəlir ki, Ali təbəqə ya özünə inamını, ya məharatli idarəçilik qabiliyyətini, ya da hər ikisini birdən itirir. Onda özünü azadlıq və ədalət uğrunda mübariz kimi qələmə verməklə Aşağı təbəqənin də rəğbətini qazanmış Orta təbəqə yuxarıların hakimiyyıtini devirir. Məqsədinə çatdıqdan sonra o, Aşağı təbəqəni yenidən əvvəlki vəziyyətinə qaytarir, özü isə Ali təbəqəyə çevrilir. Bu arada iki təbəqənin birindən, yaxud hər ikisindən qopub ayrılanlar yeni Orta təbəqə kimi formalaşır və mübarizə təzədən qızışır. Üç təbəqədən yalnız Aşağı təbəqə heç vaxt hətta müvəqqəti də olsa məqsədinə çata bilmir. Tarix boyu maddi tərəqqinin əldə edilmədiyini söyləmək böyük mübaliğə olardı. Hətta bu gün, tənəzzül dövründə də adi bir adam maddi cəhətdən özünün bir neçə əsr əvvəlki soydaşından qat-qat yaxşı yaşayır. Lakin maddi rifah halının yaxşılaşması, davranış qaydalarının yumşalması, istənilən islahat və inqilabların həyata keçirilməsi bəşəriyyəti bərabərlik ideyasına bir millimetr də yaxınlaşdıra bilməmişdir. Aşağı təbəqənin fikrincə, tarixi dəyişikliklərin heç biri köhnə sahiblərin yeniləri ilə əvəzlənməsindən başqa məna kəsb etməmişdir.

No comments:

Post a Comment